Heydər Əliyev məşhur qoşanağara ustası ilə necə zarafat etmişdi... | Müsahibə

 Heydər Əliyev məşhur qoşanağara ustası ilə necə zarafat etmişdi...  | Müsahibə
  14 May 2024    Oxunub:5272
Şuşada keçirilən "Xarıbülbül" festivalında Zeynəb Xanlarovanı müşayiət edən ansamblın üzvləri arasında tanınmış qoşanağara ustası, 73 yaşlı Xalq artisti, çoxlarının yaxşı tanıdığı Sadıq Zərbəliyev də vardı. O, təəssüratlarını AzVision.az ilə bölüşüb.
- İşğaldan öncə sonuncu dəfə Şuşada nə zaman olmuşdunuz?
- 1983-cü ildə Zeynəb Xanlarova ansamblı ilə Şuşada konsert vermişdi. Rəhmətlik Heydər Əliyev də orada idi. Şuşaya möhkəm qar yağırdı. Sonuncu dəfə həmin konsertə görə Şuşada olmuşdum.
"Zeynəb Xanlarovanın Amerikada nə işi var?!"


- Amma bu dəfə Şuşa sizi qarla deyil, günəşlə qarşıladı...
- Tarixdə görünməmiş səfər oldu. Füzuliyə gedəndə gözlərim doldu. Allah şəhidlərimizə rəhmət eləsin. İndi heç bir millətin yanında başıaşağı deyilik. Harasa gedəndə utanmırıq. Prezidentin ömrü uzun olsun. Şuşada onunla görüşəndə dedim, "Allah Sizə cansağlığı versin".
Yeri gəlmişkən, bir hadisə yadıma düşdü. 1993-ci ildə Naxçıvanda konsert verdik. Orada Heydər Əliyevlə görüşdük. O, əli ilə mənə işarə edib zarafatla soruşdu: “Sadıq, sənin soyadın Əliyevdir, nağaraya görə ZƏRBəliyev etmisən?” Dedim, “Xeyr, yoldaş Heydər Əliyev, mənim babamın adı Zərbəli olub”.
Biz orada xeyriyyə konserti verdik. Yığılan pulları ordunun balansına keçirdik. Çox çətin zamanlar idi. Heydər Əliyev bu jestimdən sonra mənə birbaşa Xalq artisti adı verdi. SSRİ-də belə bir şey olmamışdı.



- 41 ildən sonra Şuşada yenidən Zeynəb Xanlarova ilə səhnədə idiniz...
- Zeynəb xanımın necə ürəklə ifa etdiyini gördünüz də... Onun 100 yaşı da olsa, belə ürəklə oxuyacaq, Allah vergisidir. Torpaqlarımız işğalda olanda deyirdim ki, gün o gün olsun, Qarabağ azad olunsun, nağaranı ürəyimin başına qoyum və Ağdamdan Şuşaya kimi ifa edim. Arzum çin oldu. Zeynəb xanım da sevincli idi, üzü gülürdü.

- Zeynəb xanım ansamblın hamısını aparmamışdı. Səhnədə 6 çalğıçı var idi. Belə bir fikir var ki, üzvlərinizin sayı azalıb, gedənləri yeniləri ilə əvəzləmirsiniz.
- Ansamblımızın 10 üzvü var. Əvvəl 11 nəfər idik. Zeynəb xanım hamını aparmaq istəyərdi. Ancaq bilirsiniz ki, Şuşada qonaqlar çox idi.

- Bakıda necə, konsert verməyə hazırlaşırsınızmı?
- Bakıda konsertimiz olacaqdı. Ancaq pandemiyaya görə təxirə düşdü. Bir neçə dəfə Amerikada konsertlərimiz olub.


- Əvvəlki kimi məşqlər edirsinizmi?
- Biz həftədə 2-3 dəfə məşq edirik. Zeynəb xanım bəzən işləri ilə əlaqədar qoşula bilmir. Amma ümumilikdə məşqlərimiz davam edir.

- Məşq etdiyinizi dediniz. Yeni mahnılar var, yoxsa köhnələrin üzərində işləyirsiniz?
- Onu Yeni ildə görəcəksiniz.

- Ötən gün sizə zəng edəndə toyda idiniz. Qonaq qismində iştirak edirdiniz, yoxsa yenə məclislərdə qoşanağara çalırsınız?
- Klarnet ifaçısı Hüseyn Məmmədoğlunun övladının xeyir işinə getmişdim. Bizim işimiz toya getməkdir də. Bu günə kimi gedirəm və ifa edirəm.





Həmçinin bax:
"10 gün qalsam, elə bilərəm cənnəti gördüm" - Arif Babayev

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti